Meqan Marklın 2021-ci ildə Opra Uinfriyə müsahibəsində səsləndirdiyi qalmaqallı iddia yenidən gündəmə gəlib.
Marie Claire yazır ki, həmin müsahibədə Meqan bildirmişdi ki, ilk hamiləliyi zamanı Britaniya kral ailəsindən kimlərsə şahzadə Arçinin dərisinin nə qədər tünd olacağından narahat olub. O vaxt Meqan ad çəkməmişdi.
Lakin kral ailəsi üzrə ekspert və yazıçı Omid Skobi yeni kitabı “Endgame”də bu mövzuya toxunub. İddialara görə, kitabın Niderlandda yayımlanan versiyasında həmin şəxslərin adları açıq şəkildə göstərilib.
Nəşriyyatlar kitabda kral ailəsinin bəzi üzvlərinin birbaşa ittiham olunduğunu gördükdən sonra minlərlə nüsxəni satışdan yığışdırıblar.
Niderlandlı jurnalist Rik Evers isə Talk TV efirində təsadüfən bildirib ki, Omid Skobi kitabda “kral irqçiləri” kimi Kral III Çarlzın və Uels şahzadəsinin adını çəkib. Bununla belə, söhbətin hazırkı Uels şahzadəsi Ketrindən, yoxsa o dövrdə bu titulu daşıyan Kamilladan getdiyi tam aydın deyil.
Verilişin aparıcısı Pirs Morqan isə Omid Skobinin iddialarına inanmadığını deyib. O bildirib ki, kral ailəsinin hər hansı üzvünün irqçi fikir səsləndirdiyinə dair real sübut olmadan buna inanmayacaq.

Buna baxmayaraq, Morqan da tənqidlərdən yayınmayıb. Kral ailəsi üzrə ekspert Fil Dampir bildirib ki, adların internetdə yayıldığı bir dövrdə Morqanın bu mövzunu açmasını anlamaq olar, amma bunun nə qədər düzgün addım olduğunu zaman göstərəcək.
Hazırda həmin verilişin adların çəkildiyi buraxılışı əlçatan deyil. Məlumata görə, Bukingem sarayındakı mənbələr Kral III Çarlzın məsləhətçilərinin ona Omid Skobi, Pirs Morqan və Rik Eversə qarşı məhkəməyə müraciət etməyi tövsiyə etdiyini bildiriblər.

Kitabın Niderland versiyasında adların necə yer alması da mübahisə doğurub. Omid Skobi kitabın “tərcümə problemi” səbəbindən satışdan çıxarıldığını desə də, kral ailəsi üzrə ekspertlər bu izahı inandırıcı hesab etmirlər.
Əsas ehtimala görə, Niderlanddakı nəşriyyata kitabın ilkin versiyası göndərilib və həmin versiyada adlar açıq şəkildə yazılıb. Daha sonra Skobinin hüquqşünaslarla məsləhətləşib adları çıxardığı, lakin yenilənmiş variantın Niderlanda vaxtında çatdırılmadığı iddia olunur.
Daha sərt versiyaya görə isə Skobi kitabın buraxılışı ətrafında daha böyük səs-küy yaratmaq üçün bunu bilərəkdən edib. Lakin ekspertlər hesab edirlər ki, açıq sübutlar olmadan belə bir məhkəmə prosesini qazanmaq çətin olacaq.

Qeyd edək ki, Britaniya kral ailəsi daha əvvəl Sasseks hersoqu və hersoginyasının irqçiliklə bağlı ittihamlarını rədd edib. Meqan və Harrinin müsahibəsindən sonra saray yaydığı açıqlamada “xatirələr fərqli ola bilər” ifadəsini işlətmişdi.
Omid Skobinin kitabında yalnız bu məsələ deyil, həmçinin kral ailəsinin Harri və Meqana münasibəti, eləcə də şahzadə Uilyamla bağlı digər iddialar da yer alıb.

