Ailə görüşləri, dostlarla gəzintilər və dağ səfərləri zamanı insanın ən son istədiyi şey oynaq ağrısı və iltihabla üzləşməkdir. Artritdən əziyyət çəkən milyonlarla insan üçün isə bu problem gündəlik həyatı xeyli çətinləşdirə bilər.
Soyuq hava və atmosfer təzyiqindəki dəyişikliklər narahatlığı daha da artıra, sinirləri qıcıqlandıra və ağrını azaltmağa kömək edən müntəzəm fiziki aktivliyi çətinləşdirə bilər.
Woman’s World artrit zamanı davamlı oynaq ağrısını təbii üsullarla azaltmağa kömək edə biləcək bəzi tövsiyələri təqdim edib.
İltihabəleyhinə dərmanlardan əvvəl təbii vasitələri sınamaq istəyənlər və ya xroniki ağrını azaltmaq üçün reseptsiz satılan preparatlara əlavə üsul axtaranlar üçün bu tövsiyələr iltihabı azaltmağa və hərəkət imkanlarını yaxşılaşdırmağa kömək edə bilər.
Yağlı balıq qəbul edin
Britaniyalı tədqiqatçıların fikrincə, qızılbalığın tərkibində olan omeqa-3 yağ turşuları artrit zamanı ağrıya səbəb olan iltihabi reaksiyalarda rol oynayan bəzi fermentlərin təsirini azalda bilər. Həftədə cəmi 1-2 dəfə qızılbalıq və ya digər yağlı balıq yemək oynaq iltihabının yüngülləşməsinə kömək edə bilər.
Qızılbalıq sevməyənlər isə omeqa-3 ilə zəngin balıq yağı əlavələrindən istifadə etməyi düşünə bilərlər. Lakin hər hansı qida əlavəsini qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir.
Mətbəxdə ayaqlar üçün rahat şərait yaradın
Uzun müddət ayaq üstə qalmaq artrit ağrılarını artıra bilər. Bu baxımdan mətbəxdə və ya çox dayandığınız yerlərdə yorğunluq əleyhinə yumşaq döşəmə xalçasından istifadə etmək faydalı ola bilər.
Araşdırmalara görə, belə xalçalar uzun müddət ayaq üstə qalan insanlarda bel, bud, diz, boyun və çiyin nahiyəsində yaranan narahatlığı azalda bilər.
Zəncəfil əlavələri
Zəncəfil yalnız yeməklərə dad qatan ədviyyat deyil, həm də iltihabəleyhinə xüsusiyyətləri ilə tanınır. Bildirilir ki, zəncəfil artrit ağrılarının yüngülləşməsinə kömək edə bilər.
Mənbənin məlumatına görə, zəncəfil orqanizmdə iltihab proseslərində iştirak edən bəzi zülalların səviyyəsinə təsir göstərə bilər. Buna görə də o, oynaq ağrısı və iltihabla mübarizədə əlavə vasitə kimi qiymətləndirilir.
Bununla belə, zəncəfil kapsulları və digər əlavələri qəbul etməzdən əvvəl, xüsusilə də mütəmadi dərman qəbul edən şəxslərin mütləq həkimlə məsləhətləşməsi tövsiyə olunur.
Arxası üstə yatın
Gün ərzində artrit ağrılarını azaltmaq üçün gecə necə yatdığınıza da diqqət etmək lazımdır. Mütəxəssislər bildirirlər ki, arxası üstə yatmaq oynaqlara düşən gərginliyi azaltmağa kömək edə bilər.
Böyrü üstə yatmağa vərdiş edənlər isə dizlərinin arasına yastıq qoya bilərlər. Bu üsul budların düzgün vəziyyətdə qalmasına, təzyiqin azalmasına və gecə boyunca oynaq ağrılarının yüngülləşməsinə kömək edə bilər.

