Bəzi fiziki hərəkətlər, o cümlədən kişilər üçün uyğunlaşdırılmış Kegel məşqləri prostatit və prostat vəzinin adenoması əlamətlərini yüngülləşdirməyə kömək edə bilər.
Bunu “Gazeta.Ru”ya “Bud Zdorov” flaqman mərkəzinin həkimi Yelena İlyina bildirib.
40 yaşdan sonra kişilərdə daha çox rast gəlinən iki problem prostat vəzinin xoşxassəli hiperplaziyası, yəni prostat adenoması və prostatit, yəni prostat vəzinin iltihabıdır.
Durğunluq prostatitin inkişafı və kəskinləşməsinin ən yayılmış səbəblərindən biridir. Az hərəkətli həyat tərzi və oturaq iş çanaq nahiyəsində qan dövranının yavaşlamasına gətirib çıxarır. Müalicəvi bədən tərbiyəsi hərəkətləri, xüsusilə çanaq dibi, sağrı və bud əzələlərini aktivləşdirən məşqlər venoz axını və arterial qan dövranını gücləndirir. Bu isə prostatda qan və limfa durğunluğunun qarşısını almağa, iltihabi proseslərin riskini azaltmağa kömək edir,— deyə Yelena İlyina izah edib.
Həkim qeyd edib ki, çanaq dibi əzələləri kiçik çanaq orqanlarının normal fəaliyyətində mühüm rol oynayır. Prostatit və prostat adenoması zamanı bu əzələlərdə çox vaxt disbalans müşahidə olunur. Bəzi hallarda əzələlər xroniki gərgin vəziyyətdə olur, bəzi hallarda isə zəifləyir.
İlyinanın sözlərinə görə, kişilər üçün uyğunlaşdırılmış Kegel məşqləri çanaq dibi əzələlərinin tonusunu normallaşdırmağa kömək edə bilər. Bu, prostata düşən təzyiqi azalda, ağrını yüngülləşdirə, sidik kanalının boşalmasını yaxşılaşdıra və sekret axınını dəstəkləyə bilər.
Həkim əlavə edib ki, belə məşqlər həmçinin sidik ifrazına nəzarəti yaxşılaşdıra və sidik kisəsinin tam boşalmaması hissini azalda bilər. Güclü çanaq dibi əzələləri böyümüş prostatın uretraya yaratdığı təzyiqi qismən kompensasiya edə bilər.
Bundan başqa, rahatlaşdırıcı hərəkətlər və nəfəs gimnastikası ümumi əzələ gərginliyini azaltmağa, stress səviyyəsini aşağı salmağa kömək edir. Bu isə dolayı yolla prostatın vəziyyətinə müsbət təsir göstərə bilər.
Bununla belə, həkim vurğulayıb ki, müalicəvi bədən tərbiyəsi panaseya deyil. Lakin düzgün seçilmiş məşqlər prostatit və prostat adenomasının profilaktikası, həmçinin simptomların yüngülləşdirilməsi baxımından kompleks müsbət təsir göstərə bilər.

