Gözlərin üzərinə xiyar dilimləri qoymaq ev şəraitində ən məşhur qulluq üsullarından biridir. Bir çox insan bunun şişkinliyi və gözaltı qaralmaları tez azaltdığını düşünür.
“Gazeta.Ru”ya açıqlama verən kosmetoloq-estetist Mariya Pozdnyakovanın sözlərinə görə, xiyarın əsas təsiri onun tərkibindəki xüsusi maddələrlə deyil, soyuqluq effekti ilə bağlıdır.
Əvvəlcədən soyudulmuş xiyar dilimləri soyuq kompres kimi təsir göstərir. Soyuğun təsiri ilə damarlar müvəqqəti daralır, kapilyarların keçiriciliyi azalır və şişkinlik bir qədər zəifləyə bilər. Buna görə də prosedurdan sonra baxış daha təravətli görünə bilər.
Xiyarın təxminən 95 faizi sudan ibarət olduğu üçün dəriyə yüngül nəmləndirici təsir də göstərə bilər. Lakin aktiv maddələrin dəriyə nüfuzu çox az olduğundan ciddi müalicəvi effekt gözləmək düzgün deyil.
Mütəxəssis bildirib ki, yuxusuz gecə, kompüter qarşısında uzun müddət qalmaq, çox duzlu qida və ya spirtli içki qəbulundan sonra yaranan şişkinlikdə soyuq kompres müəyyən qədər kömək edə bilər. Amma şişkinlik müntəzəm yaranırsa, bütün gün davam edirsə və ya başqa əlamətlərlə müşayiət olunursa, səbəbi daha ciddi şəkildə araşdırmaq lazımdır.

Pozdnyakova qeyd edib ki, davamlı şişkinlik xroniki yuxusuzluq, allergiya, böyrək, qalxanabənzər vəzi, ürək-damar sistemi xəstəlikləri və ya limfa axınının pozulması ilə əlaqəli ola bilər.
Kosmetoloq həssas dərisi olan şəxslərdə xiyarın qıcıqlanma, qızartı və qaşınma yarada biləcəyini də xatırladıb.
Səhər şişkinliyini tez azaltmaq üçün mütəxəssis soyuducu maskalar və gel patçların daha effektiv ola biləcəyini bildirib. Kifayət qədər yuxu, axşam duz qəbulunun azaldılması, kifayət qədər su içmək və yatarkən başın düzgün mövqedə saxlanması da faydalıdır.

