Yeni il tətilləri arxada qalsa da, bir çoxları hələ də özünü yorğun və halsız hiss edir. Bu, normaldır: yuxu rejiminin pozulması, ağır yeməklər və qeyri-aktiv günlər orqanizmdə öz izini qoyur. Yaxşı xəbər isə odur ki, özünü tez bir zamanda formaya salmaq üçün mürəkkəb prosedurlara ehtiyac yoxdur.
Səhərə otaq temperaturunda bir stəkan su ilə başlamaq kifayətdir. Suya limon dilimi, xiyar parçası və ya bir neçə nanə yarpağı əlavə etmək olar. Bu, maddələr mübadiləsini yumşaq şəkildə işə salır və bədənin toksinlərdən təmizlənməsinə kömək edir. Qəhvə və ya çayı isə 20–30 dəqiqə sonra içmək tövsiyə olunur.
Enerji üçün kontrast duş əla üsuldur. İlıq və sərin (buz kimi yox) suyu 20–30 saniyə fasilələrlə dəyişərək 2–3 dəfə təkrarlamaq kifayətdir. Duşu sərin su ilə bitirmək qan dövranını aktivləşdirir və bədəni oyadır.
Üz dərisi üçün soyuq təsiri xüsusilə effektivdir. Gözaltı nahiyəyə soyudulmuş patchlər, metal qaşıqlar və ya yaşıl çay paketləri 5–10 dəqiqə tətbiq edilə bilər. Daha sonra üzü yuyub hialuron turşulu nəmləndirici krem və ya serum çəkmək, limfodrenaj xətləri üzrə yüngül masaj etmək dərini təravətləndirir və şişkinliyi azaldır.
Makiyajda ağır tonlardan imtina etmək məsləhətdir. Yüngül tonlaşdırıcı vasitə və yalnız lazım olan yerlərdə konsiler üzə təbii və dincəlmiş görünüş verir. Az vasitə — daha çox effekt.
Cəmi bir neçə sadə addım dərinin parlamasına, sizin isə özünüzü daha enerjili və yüngül hiss etməyinizə kifayət edir.

