Müntəzəm fiziki aktivlik ürək-damar xəstəlikləri, diabet və bəzi xərçəng növləri də daxil olmaqla bir sıra qeyri-infeksion xəstəliklərin riskini azaltmağa kömək edə bilər.
Bu barədə NEWS.ru-ya Rusiya Federal Tibbi-Bioloji Agentliyinin müalicəvi bədən tərbiyəsi və idman təbabəti üzrə həkimi Mariya Verbovskaya bildirib.
Onun sözlərinə görə, fiziki aktivlik əzələ kütləsinin qorunmasına, maddələr mübadiləsinin dəstəklənməsinə, depressiya və narahatlıq riskinin azalmasına da kömək edir.

Həkim əlavə edib ki, məşqlər osteoporoz və osteoartroz riskini azaltmaqda da faydalı ola bilər. Yüngül hərəkətlər zamanı oynaqlarda sinovial mayenin ifrazı artır və bu, onların hərəkətliliyinin qorunmasına kömək edir.
Verbovskaya xüsusilə 40 yaşdan sonra əzələ toxumasının itirilmə sürətinin artdığını vurğulayıb. Buna görə öz bədən çəkisi ilə edilən məşqlər sarkopeniyanın profilaktikasında faydalı ola bilər.
Mütəxəssis qeyd edib ki, nəticə əldə etmək üçün saatlarla məşq etmək vacib deyil. Həftədə 3–5 dəfə, cəmi 10–15 dəqiqəlik düzgün və müntəzəm məşqlər belə nəzərəçarpacaq fayda verə bilər.
Əzələ kütləsini qorumaq üçün isə həftədə iki dəfə öz bədən çəkisi ilə güc məşqlərinin kifayət edə biləcəyi bildirilir.

