Onkoloq Ezekiel Emanuel sağlam və uzun ömür üçün vacib hesab etdiyi 6 əsas amili açıqlayıb.
Fox News-a danışan həkim ilk növbədə sosial aktivliyi və insanlarla müntəzəm ünsiyyəti önə çəkib.
Onun sözlərinə görə, milyonlarla insanın məlumatlarını əhatə edən araşdırmalar göstərib ki, uzunmüddətli sosial təcrid sağlamlığa ciddi mənfi təsir göstərə bilər. Emanuel bildirib ki, tənhalıq və sosial əlaqələrin zəif olması ölüm riskinin artması ilə əlaqələndirilir.
Həkim, həmçinin açıq şəkildə təhlükəli fəaliyyətlərdən uzaq durmağı tövsiyə edib. O, buna nümunə kimi siqaret və elektron siqaret istifadəsini, base-jumping kimi yüksək riskli ekstremal fəaliyyətləri və təhlükəli alpinizmi göstərib.
Emanuelın digər tövsiyələri bunlardır:
- Yeni şeylər öyrənərək zehni aktivliyi qorumaq;
- Emal olunmuş və şəkərli qida və içkiləri məhdudlaşdırmaq;
- Müntəzəm, orta intensivlikli fiziki aktivliklə məşğul olmaq;
- Kifayət qədər və keyfiyyətli yatmaq.
Həkim vurğulayıb ki, bu vərdişlər həm xroniki xəstəlik riskinin azalmasına, həm də daha sağlam və uzunömürlü həyata töhfə verə bilər.

