Onkoloq Vladimir İvaşkov xərçəngin inkişaf riskinə təsir edən əsas amilin yaş olduğunu bildirib. O, bu barədə “Doktora” adlı “YouTube” kanalına müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, bədxassəli şişlərin yaranma riski daha çox 65–85 yaş aralığında artır. İvaşkov xərçəngi uzunömürlülüyün bir növ “bədəli” adlandırıb.
Onun izahına görə, illər keçdikcə orqanizmdə mutasiyaların sayı artır, bu da xərçəngin yaranma ehtimalını yüksəldə bilər.
Mütəxəssis digər risk amilləri arasında siqaret çəkmək, spirtli içki qəbulu, piylənmə, zərərli istehsalat müəssisələrinin yaxınlığında yaşamaq və ya işləmək kimi faktorları qeyd edib.
Bu səbəbdən həkim mümkün qədər ekoloji cəhətdən təmiz yerlərdə yaşamağı tövsiyə edib. O, həmçinin düzgün qidalanmanın vacibliyini vurğulayıb.
İvaşkov əlavə edib ki, ultraemal olunmuş məhsullar da xərçəng riskini artıra bilər.

