Bəzi qidaların xərçəng xəstəliklərinin inkişaf riskinin artması ilə əlaqəsi elmi baxımdan kifayət qədər yaxşı sübut olunub.
Bu barədə onkoloq, tibb elmləri namizədi Elxan İbrahimov sosial şəbəkədə paylaşım edib.
Həkim vurğulayıb ki, elə bir məhsul yoxdur ki, onu yedikdən sonra insan mütləq xərçəngə tutulacaq. Onun sözlərinə görə, onkoloji xəstəliklərin riski illər ərzində formalaşır və ümumi qidalanma, bədən çəkisi, fiziki aktivlik, alkoqol və siqaret istifadəsi kimi bir sıra amillərdən asılıdır.
Bununla belə, İbrahimov xüsusilə emal olunmuş ət məhsullarını mümkün qədər az istehlak etməyi tövsiyə edib.
“Kolbasa, vetçina, salami, sosiska sadəcə ət deyil. Onların hazırlanmasında duzlama, hisəvermə və konservantlardan istifadə olunur. Emal olunmuş ət insanlar üçün kanserogen faktor kimi təsnif edilir və xüsusilə kolorektal xərçəng riskinin artması ilə əlaqələndirilir”, – həkim bildirib.

Onkoloq alkoqolu da ciddi risk faktorlarından biri adlandırıb. Onun sözlərinə görə, alkoqol süd vəzi, bağırsaq, qaraciyər, qida borusu, ağız boşluğu və udlaq xərçəngi də daxil olmaqla bir neçə növ onkoloji xəstəliyin riskini artıra bilər.
Həkim qeyd edib ki, onkoloji baxımdan alkoqolun təhlükəsiz dozası müəyyən edilməyib.
Mütəxəssis həmçinin şəkərli qazlı içkiləri və çox miqdarda, müntəzəm istehlak edilən qırmızı əti də potensial riskli məhsullar sırasında göstərib.

