Ginekoloq Tatyana İlyuxina qadınlarda yaşlanma prosesini ləngitməyə kömək edə biləcək dörd əsas tövsiyəni açıqlayıb.
Həkim bu barədə “Telegram” kanalında yazıb.
İlyuxinanın sözlərinə görə, qadınlarda yaşlanma menopauza, qırışların artması, dərinin elastikliyinin azalması, əzələ kütləsinin itirilməsi, maddələr mübadiləsində və immun sisteminin fəaliyyətində dəyişikliklərlə müşayiət oluna bilər. Yaş artdıqca bəzi xroniki, ürək-damar və onkoloji xəstəliklərin riski də yüksəlir.

Mütəxəssis yaşlanmanın təsirlərini azaltmaq üçün xüsusilə gənc yaşlardan sağlam həyat tərzinə diqqət etməyin vacibliyini vurğulayıb.
Onun əsas tövsiyələri bunlardır:
- Müntəzəm fiziki aktivlik, balanslı qidalanma və sağlam çəkinin qorunması;
- Keyfiyyətli və kifayət qədər yuxu;
- Dərman, vitamin və bioloji aktiv əlavələri nəzarətsiz qəbul etməmək;
- Beyni daim aktiv saxlamaq və koqnitiv bacarıqları inkişaf etdirmək.
Koqnitiv funksiyaları inkişaf etdirmək üçün həkim kitab oxumağı, xarici dil öyrənməyi, yeni peşə və bacarıqlar mənimsəməyi, avtomobil idarə etməyi öyrənməyi və rəsm çəkməyə başlamağı tövsiyə edib.
İlyuxina qeyd edib ki, bütün bunlar yaşlanmanın orqanizmə təsirini azaltmağa və prosesi müəyyən qədər ləngitməyə kömək edə bilər. Bununla belə, irsiyyət və genetik meyillilik də sağlam qocalmada mühüm rol oynayır.

