Son dövrlər Sumqayıt şəhərindən Bakı istiqamətində hərəkət edən ekspres avtobuslarla bağlı ciddi narazılıqlar yaranıb.
Denmedia.az -a müraciət edən sakinlərin sözlərinə görə, artıq xeyli müddətdir ki, sözügedən ekspres avtobuslar qanuni dayanacağı olmasına baxmayaraq Bağça Şəhər ərazisindəki dayanacaqda saxlamır.
Bu hal xüsusilə hər gün birbaşa paytaxta işləməyə və ya təhsil almağa gedən vətəndaşlar üçün böyük problemə çevrilib. Alternativ olaraq sərnişinlər digər marşrutlara yönəlməyə məcbur qalırlar. Lakin bu da vaxt itkisi deməkdir. Məsələn, 500 nömrəli avtobusun Bakıya çatma müddəti təxminən 1 saat təşkil edir. Eyni vəziyyət Hyundai tipli marşrutlarda da müşahidə olunur. Halbuki ekspres avtobuslar vaxt baxımından daha əlverişli seçim hesab olunur.
Sakinlərin şəxsi müşahidələrinə əsasən, problem daha da düşündürücüdür: bəzi hallarda avtobusda boş oturacaqlar olduğu halda belə, ekspres avtobuslar Bağça Şəhər ərazisində dayanmadan yoluna davam edir. Bu isə haqlı olaraq suallar yaradır. Maraqlıdır, bu qərarın arxasında hansı səbəblər dayanır? Məsələ texniki xarakter daşıyır, yoxsa burada hansısa “xüsusi maraqlar” rol oynayır?
Qeyd edək ki, Bağça Şəhər ərazisi sürətlə inkişaf edən yaşayış massivlərindən biridir və burada yaşayan minlərlə sakin gündəlik olaraq Bakı istiqamətində hərəkət edir. Ekspres avtobusların bu dayanacaqda saxlamaması, həm sosial narazılıq yaradır, həm də ictimai nəqliyyatın əlçatanlığı prinsipinə ziddir.
Sakinlər problemin həll olunması üçün aidiyyəti qurumlara müraciət edirlər. Xüsusilə ictimai nəqliyyatın təşkili və marşrutlara nəzarət edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən məsələyə aydınlıq gətirilməsi və operativ tədbirlərin görülməsi xahiş olunur.
Bağça Şəhər ərazisində yaşayan və birbaşa paytaxta getmək istəyən bütün sakinlər adından bu problemin aradan qaldırılması, ekspres avtobusların qanuni dayanacaqda saxlamasının təmin olunması tələb edilir. Əks halda, onsuz da sıx qrafiklə yaşayan vətəndaşların vaxt itkisi və narazılığı daha da artacaq.
Nizami Rəsulov
Denmedia.az

