ABŞ-ın təşəbbüsü ilə yaradılan "Sülh Şurası" mövcud beynəlxalq təşkilatlara alternativ kimi qiymətləndirilməməlidir. Bunu ABŞ-ın dövlət katibi Marko Rubio ABŞ Konqresinin Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı bildirib.
Onun sözlərinə görə, yeni beynəlxalq struktur "Birləşmiş Millətlər Təşkilatı"nın əvəzi deyil.
“Bu, Birləşmiş Millətlər Təşkilatının əvəzi deyil”, — deyə Rubio Sülh Şurasının formalaşdırılmasını şərh edərkən vurğulayıb.
Dövlət katibi bildirib ki, yeni qurum Qəzza sektoru ətrafında yaranmış konkret problemlərin həlli məqsədi ilə yaradılıb, BMT isə əvvəlki kimi universal beynəlxalq platforma olaraq qalır.
Bununla yanaşı, Rubio Qəzza ilə bağlı son hadisələr kontekstində BMT-nin fəaliyyətini tənqid edib. Onun fikrincə, təşkilat humanitar ərzaq yardımından başqa çox az iş görüb.
Qeyd edək ki, Sülh Şurasının Nizamnaməsi yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 19 dövlətin nümayəndələri tərəfindən imzalanıb. ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, sonradan digər ölkələr də bu quruma qoşulub.

