Aktrisa Eda Ece Haluk Levent və Ahbap Dərnəyinə qarşı aparılan istintaqdan sonra yenidən tənqidlərin hədəfinə çevrilib.
Buna səbəb onun 2023-cü ildə qatıldığı bir mükafat mərasimində zəlzələ bölgəsindəki seçki nəticələri ilə bağlı etdiyi və böyük reaksiyaya səbəb olan çıxışının yenidən gündəmə gəlməsi olub.
Sosial şəbəkə hesabından açıqlama verən Eda Ece həmin sözlərinə görə bir daha üzr istəyib və peşman olduğunu bildirib.
Aktrisa açıqlamasında həyatında heç vaxt Ahbap Dərnəyinə ianə etmədiyini deyib. Onun sözlərinə görə, dərnəyin heç bir təşkilati fəaliyyətində iştirak etməyib, ianə toplanarkən dəstək verməyib və heç vaxt insanları Ahbap-a yardım etməyə çağırmayıb.
Eda Ece bildirib ki, yaxın dostlarından biri illər əvvəl yaşadığı şəxsi dələduzluq hadisəsini və ona qarşı edilən hörmətsizliyi danışdığı üçün o, Ahbap-a tam etibar edə bilməyib və bu səbəbdən dərnəkdən uzaq dayanıb.
Aktrisa zəlzələ dövründə başqa dərnəklərin də olduğunu, lakin özlərinin birbaşa bölgəyə getdiklərini bildirib. O, həmin vaxt yaşadığı ağır günlərdən sonra mükafat mərasimində emosional vəziyyətdə olduğunu deyib.
Eda Ece bildirib ki, çıxışının sonunda özünü çox ağır hiss etdiyi üçün zarafat etmək istəyib:
“Mən kədərlənəndə, acı yaşadığımda bunu gülərək atlatmağa çalışıram. O an bir zarafat etdim. Kaş etməzdim. Dilim quruyaydı. Çox peşman oldum. Belə bir şey deməməli idim”, — deyə aktrisa bildirib.
O, həmin sözlərinə görə haqsızlıq etdiyini qəbul edib. Ece illərdir ona yazılan təhqirləri, hətta övladına ünvanlanan söyüşləri səssiz şəkildə oxuduğunu, uzun müddət cavab vermədiyini deyib.
Aktrisa daha əvvəl də üzr istədiyini, lakin bunun eşidilmədiyini bildirib:
“Hamilə olduğum dövrdə də bu kabus davam etdi. Uşağım artıq 2 yaşına çatıb, amma bu linç bitmədi. Yenə də səhv məndə idi. Üzr istəyirəm. Daha əvvəl də istəmişdim, indi yenə istəyirəm”, — deyə Eda Ece qeyd edib.

O, xüsusilə zəlzələdən zərərçəkən vətəndaşlardan, incitdiyi hər kəsdən və dövlətdən üzr istəyib. Aktrisa seçki hüququ ilə bağlı fikir bildirməyin onun həddi olmadığını vurğulayıb.
“Kaş o zarafatı etməzdim. Haqsızlıq etdim. Ürəkdən üzr istəyirəm. Ayrı-seçkilik yaradan bir dil istifadə etmək mənim kimi hamını sevən birinə yaraşmadı. Bir daha belə bir hədsizlik etməyəcəyəm”, — deyə Eda Ece bildirib.

