Abşeronla Sumqayıtı birləşdirən Saray körpüsündə tikinti işləri demək olar ki, yekunlaşıb. Dörd hərəkət zolaqlı olmaqla inşa edilən körpünün hər iki tərəfində piyadaların rahat hərəkəti üçün 2 metr enində səkilər də nəzərdə tutulub. Yol asvaltlanıb, xəttlər çəkilib. Ancaq avtomobil yolu,Saray körpüsünə uyğunlaşdırılmayıb.
Məhz bu səbəbdən həmin ərazidə tıxac və qəzalar qaçılmaz olacaq. Üç aşırımdan ibarət olan yeni körpünün uzunluğu 104 metr, ümumi eni isə 21,6 metr təşkil edir. Sumqayıtdan Abşeron istiqamətində hərəkətdə olan avtomobillər körpü üzərindəki yolun son hissəsində biyabırçı bir mənzərə ilə qarşılaşır. Yol genişləndirilmədiyindən avtomobillərin bu istiqamətində hərəkətində müəyyən problemlər yaranacaq.
Sakinlərin sözlərinə görə, bütün bunlara səbəb Saray istiqamətində olan yolunj üzərində iaşə obyektinin olmasıdır. Körpü tikilən zaman həmin obyekt yolun üzərindən götürülməli idi. Elə bunu həmin obyektin sahibi Rauf Həsənovda təsdiq edir. Tikinti zamanı ona söküntü ilə bağlı heç bir müraciət edilməyib. Məhz bu səbəbdən ərazidə acınacaqlı vəziyyət yaranıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən DenazTv-yə bildirilib ki, körpüdə tikiti işləri layihəyə tam uyğun aparılıb. Ancaq yolun genişləndirilməsi onların səlahiyyətində deyil.
Sumqayıt şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, körpü istifadəyə verildikdən sonra yolda genişləndirmə işləri aparılacaq, piyadaların və nəqliyyatın hərəkətinin rahatlığını təmin etmək məqsədilə əvvəlki yol infrastrukturu körpüyə uyğunlaşdırılacaq. Bununla bağlı qərara alınıb ki, yaxın günlərdə Məhəmməd Əsədov küçəsinin genişləndirilməsi ilə bağlı yeni layihə hazırlansın və icrasına başlanılsın- deyə icra hakimiyyətindən bildirilib.
Den.az