Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib.
“Den.az” xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkilləri Rizvan Nəbiyev və Zaur Şükürov, YAP Abşeron Rayon Təşkilatının sədri, Abşeron Rayon Mərkəzi xəstəxanasının direktoru, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.
Tədbirdə çıxış edən Abşeron RİH başçısı Abdin Fərzəliyev bildirib ki, Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. Ölkəmizdə yayılmış bir çox göz xəstəliklərinin müalicəsində Zərifə Əliyevanının böyük əzmi və fəaliyyətinin olduğunu vurğulayan A.Fərzəliyev bildirib ki, məhz onun sayəsində o dövr üçün aktual olan bir çox tibbi problemlər tamamilə həll olunub.
Qeyd edilib ki, Zərifə Əliyeva əsl Azərbaycan qadının bütün mənəvi keyfiyyətlərini özündə cəmləşdirməklə hər kəsə nümunə olmuşdur. Zərifə Əliyevanın həm həkim, həm dəyərli şəxsiyyət, həm də ictimai xadim kimi çox böyük nüfuz qazandığı qeyd olunaraq onun taleyinə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ömür-gün yoldaşı və Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin anası olması yazıldığı vurğulanıb.
Millət vəkili Rizvan Nəbiyev çıxış edərək bildirib ki, Zərifə Əliyeva tibb elminin inkişafında misilsiz xidmətləri olub. Ölkəmizdə çoxlu gənc alimlərin yetişməsində göstərdiyi elmi fəaliyyətdən söz açan millət vəkili qeyd edib ki, Zərifə xanım xeyirxah, hümanist və ictimai xadim kimi xalqımızın yaddaşında qalıb və daima gözəl xatirələrlə anılacaq.
Millət vəkili Zaur Şükürov qeyd edib ki, Zərifə Əliyeva Azərbaycan qadınına nümunə ola biləcək sədaqətli silahdaş, gözəl ana, böyük oftalmoloq-alim olmaqla özünün tibbi bilikləri ilə millətimizin, onun övladlarının qayğısına qalıb.
Sonra çıxış edə Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova və Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova bildiriblər ki, Zərifə Əliyevanın həyat və fəaliyətindən danışaraq onun oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərindən, Azərbaycanda vaxtilə geniş yayılmış traxomanın müalicəsindəki fəaliyyətindən söz açıblar.
Tədbirin sonunda Azərbaycanın tanınmış incəsənət xadimlərinin ifasında bədii hissə təqdim olunub.







