Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mehdiabad qəsəbə 3 nömrəli tam ümumtəhsil məktəbində 8 Noyabr – Zəfər Günü münasibətilə anım və qürur dolu tədbir keçirilib.
“DenMedia.az” xəbər verir ki,tədbirdə məktəbin pedaqoji kollektivi, şagirdlər, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.
Əvvəlcə Vətən uğrunda canından keçən qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Məktəbdə Zəfər Gününə həsr olunmuş foto və informasiya guşəsi nümayiş etdirilib.
Təhsil müəssisəsinin rəhbəri Afət Camalova çıxışında 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Azərbaycan ordusunun qəhrəmanlığından və xalqımızın birliyindən danışıb. O bildirib ki, 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Azərbaycan tarixində dönüş nöqtəsi olub: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımızı azad etdi. Hər bir şəhidimizin qanı bu Zəfərin bünövrəsində dayanır. Onların ruhu qarşısında baş əyirik.”
Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri və qazilər də müharibə dövründə yaşadıqları hisslərdən, döyüş meydanında göstərilən igidliklərdən danışıblar. Onlar Azərbaycanın üçrəngli bayrağının işğaldan azad olunmuş torpaqlarda dalğalanmasının hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu qeyd ediblər.
Tədbir çərçivəsində məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, mahnılar oxuyub və səhnəciklər nümayiş etdiriblər. Uşaqların ifasında səslənən “Qarabağ Azərbaycandır”, “Qəhrəman əsgər” və digər vətənpərvər kompozisiyalar tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.
Sonda məktəb kollektivi şəhid ailələri və qazilərlə xatirə şəkli çəkdirib, onlara minnətdarlıq ifadə olunub.
Qeyd edək ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının ən şanlı bayramlarından biridir. Bu tarix təkcə torpaqlarımızın azad olunmasının deyil, həm də xalqımızın birliyinin, Ordumuzun gücünün və şəhidlərimizin müqəddəs xatirəsinin simvoludur.

