Yeni Azərbaycan Partiyasının (YAP) Sumqayıt şəhər təşkilatında “Heydər Əliyev Məktəbi”nin növbəti məşğələsi keçirilib.
DenMedia.az xəbər verir ki, bu dəfəki qonaq Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov olub.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Məşğələdə YAP Sumqayıt şəhər təşkilatının sədri, YAP İdarə Heyətinin üzvü Ramiz Hüseynov və müxtəlif sahələrdə fəaliyyət göstərən gənclər iştirak ediblər.
Çıxışı zamanı Adil Xudadatov Ulu Öndər Heydər Əliyevin yerli özünüidarəetmə modelinin qurulması, bələdiyyə institutunun formalaşması və inkişafı istiqamətində gördüyü işləri geniş təhlil edib. O qeyd edib ki, 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərində Sumqayıt şəhərinin bələdiyyə sədri məhz Zakir Fərəcov olub. Şəhərdə bələdiyyə sisteminin formalaşması və inkişafı onun adı ilə bağlıdır. İllər ərzində bu sahədə müəyyən durğunluq yaşansa da, Zakir Fərəcov Sumqayıta rəhbər təyin edildikdən sonra bələdiyyə sistemi yenidən inkişaf mərhələsinə qədəm qoyub. Bildirilib ki, gələcəkdə bələdiyyə üçün müasir üslubda yeni inzibati binanın tikilməsi planlaşdırılır.
Hazırda ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Sumqayıt şəhərində aparılan abadlıq-quruculuq işləri yüksək templə davam edir. Şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir, onların bələdiyyədə qəbulu günboyu təşkil olunur.
Sumqayıtda həyata keçirilən sosial-iqtisadi layihələr, infrastruktur yenilikləri, ətraf mühitin qorunması, ictimai xidmətlərin təkmilləşdirilməsi və şəhər mühitinin modernləşdirilməsi Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin idarəetmə fəlsəfəsinə əsaslanır.
Görüş interaktiv müzakirələrlə davam edib. Gənclər bələdiyyələrin fəaliyyət istiqamətləri, şəhər idarəçiliyi, sosial proqramlar, ekoloji layihələr, yeni şəhərsalma konsepsiyaları, həmçinin gələcəkdə bələdiyyə mülkiyyətində ola biləcək məktəb və kursların əhəmiyyəti barədə suallar ünvanlayıblar. Cavab olaraq bildirilib ki, Sumqayıt Bələdiyyəsi hazırda bütün qurumlarla sıx əməkdaşlıq çərçivəsində fəaliyyətini gücləndirib. Şəhərin küçələri İcra Hakimiyyəti başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq bələdiyyənin daxili imkanları hesabına mərhələli şəkildə asfaltlanır, işıqlandırma sistemi tam şəkildə yenilənir.
Adil Xudadatov gələcəkdə Bələdiyyə Könüllülərinin yaradılmasının vacibliyini qeyd edərək gəncləri bu istiqamətdə daha fəal olmağa çağırıb.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.