Abşeron rayonunun Ceyranbatan qəsəbəsində vətəndaşlarla növbəti qəbul görüşü təşkil olunub.
Denmedia.az xəbər verir ki, görüşdə Milli Məclisin deputatı Zaur Şükürov və Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Asadov iştirak ediblər.
Qəbul zamanı qəsəbə sakinləri fərdi müraciətlərini, eləcə də Ceyranbatanı ümumilikdə narahat edən sosial, təhsil və infrastruktur məsələlərini diqqətə çatdırıblar. Qaldırılan müraciətlər qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması üçün qeydə alınıb, bir sıra məsələlərə isə yerindəcə aydınlıq gətirilib və müvafiq izahlar verilib.
Deputat Zaur Şükürov çıxışı zamanı bildirib ki, vətəndaşlarla birbaşa ünsiyyət problemlərin real mənzərəsini görməyə və onların daha operativ həllinə imkan yaradır. O vurğulayıb ki, sakinlərin müraciətləri daim diqqət mərkəzində saxlanılacaq və aidiyyəti qurumlarla əlaqələndirilərək nəzarətdə tutulacaq. Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Asadov isə yerli icra strukturlarının vətəndaşların müraciətlərinə həssas yanaşdığını və problemlərin mərhələli şəkildə aradan qaldırılması istiqamətində işlərin davam etdiyini qeyd edib.
Görüşdən sonra sakinlərin xahişini nəzərə alan deputat və icra nümayəndələri Ceyranbatan qəsəbə 2 saylı orta ümumtəhsil məktəbinə də baş çəkiblər. Məktəbdə mövcud tədris şəraiti ilə yaxından tanış olunub, sinif otaqları, maddi-texniki baza və ümumi təhsil mühiti barədə məlumat alınıb. Təhsil sahəsində mövcud vəziyyətin yaxşılaşdırılması ilə bağlı səsləndirilən fikirlər diqqətə götürülüb.
Qeyd edək ki, bu cür vətəndaş qəbulları dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi, yerli problemlərin vaxtında aşkarlanması və həlli baxımından mühüm əhəmiyyət daşıyır və Ceyranbatan sakinləri tərəfindən də müsbət qarşılanır.




Nizami Rəsulov
Denmedia.az

