Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov və Milli Məclisin deputatı Zaur Şükürov 17-ci mikrorayon ərazisində sakinlərlə görüş keçirərək onları narahat edən problemləri dinləyiblər.
Denmedia.az xəbər verir ki, görüş zamanı bələdiyyə sədri və millət vəkili vətəndaş qəbullarının və birbaşa ünsiyyətin əhəmiyyətini xüsusi vurğulayaraq bildiriblər ki, sakinlərin gündəlik problemlərinin yerində öyrənilməsi və operativ həlli əsas prioritetlərdəndir.
Sakinlərin müraciətləri əsasən su, işıq və qaz təminatı, yol infrastrukturunun vəziyyəti, nümunəvi məhəllələrin salınması, stansiya istiqamətində Sumqayıta gedən nəqliyyatla bağlı çətinliklər, işsizlik, maddi dəstək ehtiyacı, eləcə də sənədsiz torpaq və evlərin sənədləşdirilməsi ilə bağlı olub.
Qaldırılan məsələlərin bir qismi elə görüş zamanı öz həllini tapıb. Daha geniş araşdırma və icra tələb edən müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti qurum və şöbələrə yönləndirilib.
Sakinlər keçirilən qəbuldan məmnun qaldıqlarını bildirərək, bu cür görüşlərin mütəmadi təşkil olunmasının problemlərin həllinə ciddi töhfə verdiyini qeyd ediblər.
Görüş qarşılıqlı dialoq və konstruktiv müzakirə şəraitində keçib.

