Bakıda bu gün ilk dəfə CAMCA Regional Forumu işə başlayıb. İki gün davam edəcək tədbir Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstandan dövlət və özəl sektor nümayəndələrini, yüksək vəzifəli rəsmiləri, investorları, sahibkarları və ekspertləri bir araya gətirir.
Forumun builki əsas mövzusu “Dünya və CAMCA: yol ayrıcında olan region”dur. Tədbirdə regional əməkdaşlığın genişləndirilməsi, iqtisadi artım və sosial inkişaf imkanları müzakirə olunur.
İki günlük proqram çərçivəsində sahibkarlıq və investisiyalar, ticarət və nəqliyyat, yaşıl maliyyə, süni intellekt, fintech, təhsil, turizm və media kimi istiqamətlər üzrə panel müzakirələri və sessiyalar keçiriləcək.
2014-cü ildə yaradılan CAMCA Regional Forumu indiyədək 12 dəfə keçirilib. Bu müddətdə tədbirlərdə 40-dan çox ölkədən 2 mindən artıq iştirakçı və 560-dan çox spiker yer alıb. Bakıdakı forum isə regional dialoq, təcrübə mübadiləsi və yeni əməkdaşlıqlar üçün növbəti platforma kimi nəzərdə tutulub.
Tədbir 2 oktyabrda başa çatacaq.

