Pentaqon rəhbəri Piter Heqsetin Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” beynəlxalq təhlükəsizlik forumunda Çin əleyhinə səsləndirdiyi fikirlər Pekinin ciddi narazılığına səbəb olub. Çin Xarici İşlər Nazirliyi ABŞ müdafiə nazirinin çıxışına belə reaksiya verib: “ABŞ Asiya-Sakit okean regionunu silahlarla dolduraraq buranı “barıt çəlləyinə” çevirib”. Pekin “barıt çəlləyi” deyərkən, ABŞ-ın bölgədəki müttəfiqlərini hərbi texnika ilə təhsiz etməsini nəzərdə tutub.
Den.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Vaşinqton Çini Asiya və Sakit okean bölgəsi üçün əsas təhdid kimi qiymətləndirərkən, Pekin tərsini iddia edərək, məhz ABŞ-ın siyasətini bölgə üçün əsas təhlükə adlandırıb:
“Pekin Vaşinqtonun regional siyasətini pozuculuq kimi dəyərləndirib. Pekin ABŞ-ın Asiya və Sakit okean bölgəsində hegemonluğunu qorumaq məqsədilə Cənubi Çin dənizində hücum xarakterli silahlar yerləşdirdiyini iddia edib. Halbuki Vaşinqton tam tərsini bildirir və məhz Çinin Cənubi Çin dənizi ətrafında hərbi gücünü artırdığını və Tayvan adasını hərbi yolla ələ keçirməyə çalışdığını vurğulayır.
Bundan bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp da Pekinin siyasətindən məyusluğunu bildirib. Ağ Ev sahibi Pekinin ABŞ ilə bağlanmış ticarət sazişini pozduğunu iddia edib. Tramp sosial şəbəkədə bunları yazıb: “Tətbiq etdiyim yüksək rüsumlar səbəbindən Çin ciddi iqtisadi təhlükə ilə üz-üzə qalmışdı. Çinin ABŞ bazarında ticarətini praktiki olaraq qeyri-mümkün etmişdi. Biz Çin ilə soyuq müharibəyə girdik, bu, Pekin üçün dağıdıcı oldu. Daha sonra Çinin iqtisadiyyatını xilas etmək üçün mən Çinlə ticarət müqaviləsi bağladım. Lakin Pekin ABŞ qarşısında götürdüyü öhdəlikləri pozdu”. Halbuki tərəflər danışıqlar nəticəsində tarifləri qarşılıqlı olaraq azaltmağa qərar vermişdilər.
Beləliklə, iki ölkə arasında qarşılıqlı ittihamların sayı yenə artıb. Başqa cür olması da çətindir. Çinin bölgədə artan gücü ABŞ-ın maraqlarına ziddir. Vaşinqtonla yanaşı ABŞ-ın Asiya və Sakit okean bölgəsindəki müttəfiqləri də Çinin planlarından narahatdırlar. Bu səbəbdən Vaşintonla Pekin arasında müxtəlif məsələlərlə bağlı ortaq məxrəcə gəlmək çətindir”.