İctimai tualetlərdə gigiyena qaydalarına düzgün əməl edilməməsi qadınlarda bəzi infeksiyaların yaranma riskini artıra bilər.
Bu barədə qadın sağlamlığı üzrə maarifləndirmə fəaliyyəti ilə məşğul olan tibb bacısı Keytlin Din Britaniyanın “Metro” nəşrinə açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, ictimai tualetlərdə tez-tez tualet kağızının olmaması qadınların şəxsi gigiyenasına mənfi təsir göstərə bilər. O, sidik ifrazından sonra nəmliyin tam təmizlənməməsinin müəyyən sağlamlıq problemlərinə yol aça biləcəyini qeyd edib.
“Sidiklə islanmış alt paltarı bədənə sıx təmas etdikdə qurumur və nəm qalır. İsti və nəm mühitdə bakteriyalar daha sürətlə çoxala bilər”, – deyə Din izah edib.
Onun fikrincə, belə şərait göbələk infeksiyalarına və sidik yollarının infeksiyalarına yol aça bilər.
Mütəxəssis bildirib ki, tualet kağızına çıxış imkanlarının məhdud olması xüsusilə evsiz qadınlar, hərbi qulluqçular, ekstremal şəraitdə yaşayanlar və təbii fəlakət bölgələrində olanlar üçün problem yarada bilər.

Bununla yanaşı, ictimai tualetlərdən tez-tez istifadə edən qadınlar da oxşar çətinliklərlə üzləşə bilərlər.
Din çanaq dibi əzələləri zəif olan qadınlarda sidiyin ətrafa sıçraması səbəbindən alt paltarının nəmlənə biləcəyinə də diqqət çəkib.
Mütəxəssis mümkün gigiyena problemlərindən qorunmaq üçün qadınlara şəxsi gigiyena vasitələrini daim özləri ilə gəzdirməyi tövsiyə edib.

