Qəzza sektorunun idarə olunması üzrə Fələstin Milli Məşvərət Komitəsi Qahirədə ilk iclasını keçirib. İclasda komitənin ilk bəyannaməsi qəbul edilib və qurumun tam tərkibi elan olunub. Yeni inzibati orqanın üzvləri 12 nəfərdən ibarətdir.
Bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat verib.
Komitəyə Qəzzada iqtisadiyyat, sənaye, ticarət, təhsil, telekommunikasiya, kənd təsərrüfatı, səhiyyə və təhlükəsizlik sahələrinə cavabdeh olacaq fələstinli texnokratlar daxil edilib. Pan-ərəb KİV-lərin daha əvvəl adlarını açıqladığı məmurlarla yanaşı, müvəqqəti administrasiyada HƏMAS hərəkatının tanınmış tənqidçisi Sami Nasman (anklavda daxili təhlükəsizliyə nəzarət edəcək), Fələstin Milli Administrasiyasının (FNA) Ali Məhkəməsinin sabiq sədri Adnan Abu Varda (Qəzzada ədliyyə sahəsinə nəzarət edəcək) və FNA-da sahibkarlıq və iqtisadi hüquqlar üzrə keçmiş nazir Usama əs-Saadavi (sektorda yaşayış tikintisinə cavabdeh olacaq) da yer alıb.
Komitənin 15 yanvar tarixli iclasının yekununda qəbul edilən ilk bəyannamədə Qəzzada “əsas kommunal xidmətlərin bərpası, eləcə də təhsil və səhiyyə sahələrinin fəaliyyətinin yenidən canlandırılması” zərurəti vurğulanıb. Bundan əlavə, komitə üzvləri Fələstin anklavında iqtisadi sahənin yenidən qurulması və “fələstinlilərin öz müqəddəratını təyin etmə hüququnun reallaşdırılması” istiqamətində fəaliyyət göstərəcəklər.

