Tehran Çin istehsalı olan kəşfiyyat peykini gizli şəkildə satın alıb və bu, ona Yaxın Şərqdə ABŞ hərbi bazalarına daha dəqiq zərbələr endirməyə imkan verib. Bu barədə Financial Times məlumat yayıb.
Araşdırılan İran hərbi sənədlərinə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun aviasiya-kosmik qüvvələri TEE-01B peykini 2024-cü ilin sonunda əldə edib.
Earth Eye şirkəti tərəfindən istehsal olunan peyk 0,5 metr dəqiqliklə görüntü çəkə bilir ki, bu da təyyarələri, hərbi texnikanı və kiçik obyektləri seçməyə imkan verir. Müqayisə üçün, əvvəllər İranın istifadə etdiyi peyklər 5–15 metr dəqiqliklə görüntü təqdim edirdi. Müqaviləyə həmçinin Çin şirkəti Emposatın yerüstü stansiyalarına çıxış da daxil olub və bu razılaşma üçün Tehran 36,6 milyon dollar ödəyib.
Sənədlər göstərir ki, son aylarda İran hərbi rəhbərliyi bu peyk vasitəsilə əsas ABŞ obyektlərini izləyib. Xüsusilə, martın 13–15-də Səudiyyə Ərəbistanındakı Prins Sultan bazasının görüntüləri əldə edilib və həmin günlərdə bu baza zərbələrə məruz qalıb. Bundan əlavə, İordaniya, Bəhreyn, Küveyt, Omanda yerləşən bazaların, eləcə də regiondakı limanların, hava limanlarının və istehsal obyektlərinin görüntüləri də çəkilib.

