ABŞ-da şənbə günü ölkənin müstəqilliyinin 250 illiyi münasibətilə genişmiqyaslı bayram tədbirləri keçiriləcək.
Bu münasibətlə ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Milli xiyabanda çıxış edəcək.
Tramp çıxışı ilə bağlı danışarkən hava şəraitinə də toxunub:
“Yeri gəlmişkən, iyulun 4-də 107 dərəcə Farenheyt, yəni təxminən 42 dərəcə isti proqnozlaşdırılır. Mən həqiqətən uzun nitq söyləyəcəyəm — sadəcə hər şeyə dözə bildiyimi göstərmək üçün”, — deyə ABŞ Prezidenti bildirib.
Belə temperatur Vaşinqtonda 4 iyul üçün yeni rekord ola bilər. İndiyədək həmin tarixdə ən yüksək göstərici 1919-cu ildə qeydə alınıb. O zaman paytaxtda havanın temperaturu 100 dərəcə Farenheytə, yəni təxminən 37,7 dərəcəyə çatmışdı.
Bununla belə, proqnozlara görə, Trampın yerli vaxtla 21:45-də nəzərdə tutulan çıxışı zamanı temperaturun təxminən 31 dərəcəyədək enəcəyi gözlənilir.
Bayram tədbirləri çərçivəsində Vaşinqtonda hərbi hava paradı, Nyu-York körfəzində isə hərbi-dəniz paradı keçiriləcək.
Los-Anceles Memorial Kolizeyində konsert proqramı, atəşfəşanlıq və tamaşaçılar üçün müsabiqələr təşkil olunacaq. Bundan başqa, futbol üzrə dünya çempionatına ev sahibliyi edən ABŞ şəhərlərində müxtəlif festivallar və atəşfəşanlıqlar keçiriləcək.
Vaşinqtonda əsas atəşfəşanlıq yerli vaxtla 22:30-da başlayacaq.

