ABŞ Prezidenti Donald Tramp Keti Zakarianı Ağ Evin yeni mətbuat katibi təyin edib. O, bu vəzifədə Karolayn Levitti əvəz edəcək.
Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində məlumat verib.
ABŞ Prezidentinin sözlərinə görə, Zakaria hazırda Trump Media & Technology Group şirkətində “Truth Social” üzrə kommunikasiya məsələləri üzrə baş müşavir kimi fəaliyyət göstərir.
O, daha əvvəl ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin mətbuat katibi olub, həmçinin ictimaiyyətlə əlaqələr üzrə nazir köməkçisinin müavini vəzifəsində çalışıb.
Zakaria Kaliforniyada anadan olub. O, Pepperdine Universitetini və həmin ali məktəbin Caruso Hüquq Məktəbini bitirib. Hüquqşünas olan Zakaria Fox News və Newsmax telekanallarında da müntəzəm şərhçi kimi çıxış edib.
O, həmçinin ABŞ Prezidentinin xüsusi elçisi Rik Qrenell tərəfindən yaradılan “Fix California” təşkilatında fəaliyyət göstərir. Təşkilat Kaliforniyada konservativ təşəbbüslərin təşviqi ilə məşğuldur.
Məlumata görə, Zakaria bu ilin əvvəlində təxminən üç ay ABŞ Daxili Təhlükəsizlik Nazirliyində çalışıb.

Onun Respublikaçılar Partiyası ilə əməkdaşlığı isə daha əvvələ gedib çıxır. Pepperdine Universitetində təhsil aldığı dövrdə Zakaria Respublikaçılar Partiyasının Milli Komitəsində təcrübə keçib, Corc Buşun ikinci prezidentlik dövründə isə Ağ Evin Siyasi Məsələlər İdarəsində çalışıb.
Tramp, həmçinin Zakarianın onun seçki kampaniyalarında iştirak etdiyini və mühüm “tərəddüdlü ştatlar”da kampaniyaya dəstək verdiyini vurğulayıb.
ABŞ Prezidenti onun Ağ Evin mətbuat katibi vəzifəsinin öhdəsindən uğurla gələcəyinə əminliyini ifadə edib.

