Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və cəmi iki ildir ki, fəaliyyətə başlamış Şəfəq qəsəbə tam ümumtəhsil məktəbi artıq öz uğurları ilə seçilir. Məktəb bu qısa müddətdə təhsil sahəsində əhəmiyyətli nəticələr əldə edərək, regionun təhsil mühitində öz yerini möhkəmləndirib.
Hal-hazırda məktəbdə 750 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 30 fədakar müəllim məşğul olur. Yeni məktəbin uğurları xüsusilə nəzərəçarpandır. Belə ki, ötən tədris ilində məzun olan 12 şagirddən 2-si 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olub. Məzunlardan biri Polis Akademiyasına, digəri isə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olmaqla məktəbin yüksək nəticələrini daha da parlaqlaşdırıb.
Məktəbdə təhsil alanların əksəriyyəti şəhid və qazi ailələrinin, eləcə də əlil ailələrin övladlarıdır. Bu fakt bir daha göstərir ki, məktəb yalnız bilik verən təhsil müəssisəsi deyil, həm də cəmiyyətin sosial rifahına və həssas qrupların inkişafına töhfə verən bir məkan rolunu oynayır. Hazırda məktəbdə təhsil alan şagirdlərin 50 faizi məhz şəhid və qazi ailələrinin övladlarıdır.
Bu tədris ilində də məktəb öz uğurlarını davam etdirir. Belə ki, 9-cu siniflərin buraxılış imtahanlarında qazi və şəhid övladlarının da daxil olduğu şagirdlərdən 7 nəfəri 200-dən yuxarı bal toplayıb. 11-ci siniflər üzrə isə bir sinifdə 6 nəfər həm buraxılış, həm də blok imtahanlarında 600-dən yuxarı bal toplamaqla məktəbin təhsil səviyyəsini bir daha nümayiş etdirib.
“Ən böyük uğurumuz şagirdlərimizin inamıdır” deyən direktor Almaz Hüseynovanın sözlərinə görə, məktəbin bütün kollektivi fədakarlıqla çalışır, müəllimlərimiz şagirdlərin uğurları üçün əllərindən gələni əsirgəmir. Biz şəhid və qazi ailələrinin övladlarına xüsusi diqqət yetiririk. Onların rahat təhsil alması, gələcəkdə vətənə, cəmiyyətə layiqli vətəndaş kimi yetişməsi üçün bütün şəraiti yaratmışıq.”
Cəmi iki il əvvəl fəaliyyətə başlamış bu məktəbin uğurları göstərir ki, burada yaradılan tədris mühiti, müəllim-şagird münasibətləri və valideynlərlə əməkdaşlıq nümunəvi səviyyədədir. Şəfəq qəsəbə tam orta məktəbi öz uğurları ilə təkcə bir təhsil ocağı kimi deyil, həm də cəmiyyətin sosial həmrəyliyini gücləndirən, şəhid və qazi ailələrinin övladlarını dəstəkləyən bir mərkəz kimi diqqət çəkir. Bu nailiyyətlər məktəbin gələcəkdə daha da böyük uğurlar qazanacağına inam yaradır. Məktəb kollektivi, şagirdlər və onların ailələri birlikdə yeni hədəflərə doğru inamla addımlayır.