9-cu sinif şagirdi Xədicə Qasımova 300 bal toplayaraq buraxılış imtahanında uğur qazanıb – xaricdə təhsil alıb, vətənə savadlı həkim kimi dönmək istəyir...
Xədicə Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 4 nömrəli orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdidir. O, buraxılış imtahanlarında maksimum nəticə göstərərək, 300 bal toplamağı bacarıb. Bu möhtəşəm göstərici həm Xədicənin əzmkarlığını, həm də onun gələcək planlarının böyük bir addımı olduğunu təsdiqləyir.
Xədicənin uğuru təhsil ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilib. Sumqayıt təhsil sektorunun müdiri İman Ağayev şagirdi təbrik edərək onun bu nəticəsinin gənclər üçün gözəl nümunə olduğunu vurğulayıb. Bildirib ki, “Xədicə Qasımova Sumqayıtın və Azərbaycanın istedadlı gənclərindən biridir. Onun maksimum nəticə ilə imtahanı başa vurması böyük qürur hissi doğurur.
Xədicə Qasımova uşaqlıqdan elmə, xüsusilə də tibb sahəsinə xüsusi maraq göstərib. Onun ən böyük arzusu həkim olmaq və gələcəkdə vətəninə yüksək ixtisaslı həkim kimi xidmət etməkdir. Məktəbli deyir ki, yüksək nəticə əldə etmək üçün çox çalışıb, müəllimlərinin, ailəsinin dəstəyindən böyük güc alıb. Xədicənin planı yalnız yüksək bal toplamaqla məhdudlaşmır. O, təhsilini daha da genişləndirmək, beynəlxalq təcrübə qazanmaq məqsədilə xaricdə təhsil almağı düşünür.
“Həmişə böyük arzularım olub –İndi isə istəyirəm ki, xaricdə tibbi təhsil alaraq vətənimə qayıdım və yüksək ixtisaslı həkim kimi xidmət edim. Bu imtahandakı uğur mənim üçün yalnız başlanğıcdır.”
Məktəbin direktoru Səadət Məmmədova şagirdi haqqında ağız dolusu danışır.
Sonda qeyd edək ki, Xədicə Qasımova kimi gənclərin uğurları Azərbaycanın parlaq gələcəyinin təməlini qoyur. Biz də ona yeni zirvələr fəth etməyi, arzularını reallaşdırmağı arzulayırıq!