Bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
DİM-in məlumatına görə, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.
İmtahan saat 10:00-da başlayacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.
İştirakçıların imtahan binasına rahat daxil ola bilməsi üçün onların gəlmə vaxtı buraxılış vərəqəsində göstərilib. Bu səbəbdən abituriyentlərə imtahan binasına vərəqədə qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Abituriyentlər imtahana buraxılış vərəqəsi və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər.
Azərbaycan vətəndaşları, o cümlədən 16 yaşı tamam olmayan iştirakçılar şəxsiyyət vəsiqəsi təqdim etməlidirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə sənədini, qaçqın statusu alan əcnəbilər və onların ailə üzvləri isə qaçqın vəsiqəsini gətirməlidirlər.
Şəxsiyyət vəsiqəsində fotoşəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş, üzərində 3x4 ölçülü fotoşəkil yapışdırılmış və möhürlə təsdiqlənmiş arayış təqdim etməlidirlər.

