Dövlət İmtahan Mərkəzi iyunun 7-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirəcək.
DİM-in məlumatına görə, həmin gün III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün “Coğrafiya” fənni üzrə imtahan da təşkil olunacaq.
İmtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Quba və Xaçmazda keçiriləcək.
İmtahan saat 10:00-da başlanacaq. İştirakçıların imtahan binasına buraxılışı imtahanın başlanmasına 15 dəqiqə qalmış, yəni saat 09:45-də başa çatacaq. Bundan sonra imtahan binalarına giriş mümkün olmayacaq.
Abituriyentlər imtahana gələrkən mütləq “İmtahana buraxılış vərəqəsi” və şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməlidirlər.
Azərbaycan Respublikası vətəndaşları, o cümlədən 16 yaşı tamam olmayan iştirakçılar şəxsiyyət vəsiqəsi gətirməlidirlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə sənədlərini təqdim etməlidirlər.
Qaçqın statusu olan əcnəbilər və onların ailə üzvləri isə qaçqın vəsiqəsi ilə imtahana buraxılacaqlar.
Şəxsiyyət vəsiqəsində fotoşəkli olmayan iştirakçılar isə təhsil müəssisəsi tərəfindən verilmiş, üzərinə 3x4 sm ölçülü fotoşəkil yapışdırılmış və müəssisənin möhürü ilə təsdiqlənmiş arayış təqdim etməlidirlər.
İmtahan keçiriləcək şəhər və rayonlarda ümumilikdə 212 imtahan binası və 3803 imtahan zalı ayrılıb. İmtahanların təşkilinə 212 ümumi imtahan rəhbəri, 605 imtahan rəhbəri, 4716 nəzarətçi-müəllim, 673 buraxılış rejimi əməkdaşı və 212 bina nümayəndəsi cəlb olunub.
İmtahanlarda ümumilikdə 51 690 abituriyent iştirak edəcək.
Onlardan 33 986 nəfər I ixtisas qrupu üzrə, 6518 nəfər IV ixtisas qrupu üzrə imtahan verəcək. III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən 11 186 abituriyent isə coğrafiya fənnindən imtahan verəcək.
Bundan əlavə, imtahanlarda sağlamlıq imkanları məhdud 65 abituriyent də iştirak edəcək. Onların arasında görmə, eşitmə, serebral iflic və digər sağlamlıq məhdudiyyəti olan şəxslər var.
Bu iştirakçılar üçün xüsusi şərait yaradılıb. Onlara uyğunlaşdırılmış zallar ayrılıb, görmə qabiliyyəti 81-100 faiz aralığında məhdud olan abituriyentlər üçün isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyəti olan iştirakçıların binalara və zallara rahat daxil olması, eləcə də sərbəst hərəkəti üçün lazımi şərait təmin olunacaq.

