ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqına (Aİ) qarşı tətbiq etdiyi 30 faizlik tarif qərarı Brüsseldə fövqəladə vəziyyət yaradıb. Avropa Komissiyasının əməkdaşlarına istirahət günlərini ləğv edərək dərhal işə qayıtmaq göstərişi verilib, Aİ isə böhran rejiminə keçib. Gözlənilmədən elan olunan bu tariflər yeni və genişmiqyaslı ticarət müharibəsinin başlaya biləcəyi ehtimalını gündəmə gətirib. Bu qərarın ABŞ-Aİ münasibətlərinə və dünya iqtisadiyyatına təsiri ciddi suallar doğurur.
Trampın tarif qərarı ABŞ ilə Aİ arasında yeni ticarət müharibəsinin başlanğıcı kimi qiymətləndirilə bilərmi?
Den.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, bu qərar yalnız iqtisadi deyil, həm də geosiyasi xarakter daşıyır:
“Bu, qısa müddət ərzində müəyyən iqtisadi gərginliklər yarada bilər, amma uzunmüddətli olacağı gözlənilən deyil. Əgər uzun müddət davam edərsə, bunun ticarət müharibəsinin başlanğıcı olması mümkündür. Trampın qərarı iqtisadi baxımdan əhəmiyyətli hesab olunur. Çünki tətbiq olunacaq sanksiya, həmçinin “böyük Amerika” yaratmaq və idxaldan tam asılılığı aradan qaldırmaq kimi məqsədləri güdür. Digər tərəfdən, investorlar arasında inamsızlıq yaranır, qlobal iqtisadiyyatda ümumi qiymət artımına səbəb olur. Dolların gücləndirilməsi iqtisadi siyasət kimi görünə bilər, amma bu, beynəlxalq ticarətdə alqı-satqı əməliyyatlarını avroya yaxınlaşdırır”.
Günay Hüseynova
İqtisadçı bildirib ki, Aİ-yə qarşı tətbiq olunan bu rüsum strateji təzyiqdir:
“Hazırda Aİ öz istehsalçıları və ixracatçılarını qorumaq üçün qısamüddətli güzəştlərə getməyə məcburdur. Dünyanın digər iqtisadi nəhənglərinə gəldikdə, ABŞ və Aİ arasındakı bu çəkişmə bir növ onlara sərf edir. Çünki ixrac payının artması və yeni iqtisadi birliyin yaranması mümkündür. Əvvəlki illərdə də Vaşinqton Pekinə qarşı iqtisadi mübarizəyə başlamışdı. Azərbaycan iqtisadiyyatında isə hazırda bununla bağlı hər hansı ciddi iqtisadi təhlükə görünmür. Lakin ticarət müharibəsi uzun müddət davam etdiyi halda, qlobal iqtisadiyyatda dalğalanmalar, valyutaya təsir, yüksək qiymət artımları və digər mənfi halların yaranması mümkündür. Bu cür vəziyyətlər rəsmi Bakıya da təsir edə bilər. Amma bu, daha çox qlobal iqtisadi dinamikaya bağlı olacaq”.
Qeyd edək ki, ABŞ avqustun 1-dən Avropa İttifaqından idxal olunan məhsullara 30 faizlik tarif tətbiq edəcək.