ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boeing P-8A Poseidon patrul və sualtı qayıqlara qarşı təyyarə Fars körfəzi və Oman körfəzinin neytral suları üzərində, İran sərhədlərinə yaxın ərazidə uçuş həyata keçirir.
DenMedia.az xəbər verir ki, bu barədə TASS aviadispetçer xidmətlərindəki mənbəyə istinadən yazır.
Məlumata görə, Bəhreyndən havaya qalxan təyyarə 6 min metrdən bir qədər artıq hündürlükdə uçur və İranın hava məkanına yaxın zonada müşahidə olunur.
Mənbə bildirib ki, son günlərdə bu ərazilərdə ABŞ-a məxsus MQ-4C Triton pilotsuz uçuş aparatı da gündəlik olaraq 10–15 saatlıq kəşfiyyat uçuşları həyata keçirib və bu fəaliyyət P-8A Poseidon-un missiyalarını tamamlayıb. MQ-4C Triton geniş quru və dəniz sahələrini müşahidə etmək imkanına malikdir və ABŞ HHQ tərəfindən Fars körfəzi zonasında müntəzəm istifadə olunur.
Qeyd edək ki, Boeing P-8 Poseidon sualtı qayıqların aşkarlanması və məhv edilməsi, dəniz üzərində kəşfiyyat və patrul missiyaları üçün nəzərdə tutulub. Təyyarə hidroakustik buylar, uzaqmənzilli radarlarla təchiz edilib və torpedalar, raketlər, dərinlik bombaları daşıya bilir.

