Norveçin sabiq baş naziri və Avropa Şurasının keçmiş baş katibi Thorbjorn Jagland xəstəxanaya yerləşdirilib.
Bu barədə Norveçin Dagbladet nəşri onun vəkili Anders Brosvitə istinadən məlumat yayıb.
Vəkilin sözlərinə görə, hospitalizasiya Jaglandın maliyyəçi Jeffrey Epsteinlə əlaqələrinə dair sənədlərin açıqlanmasından sonra yaşadığı gərginliklə bağlı olub. O, bəzi KİV-lərdə yayılan “intihara cəhd” iddialarını təkzib edib.
Qeyd edək ki, Jagland 1996–1997-ci illərdə Norveçin baş naziri, 2000–2002-ci illərdə xarici işlər naziri olub. 2009–2015-ci illərdə Nobel Komitəsinə sədrlik edib, 2009–2019-cu illərdə isə Avropa Şurasının baş katibi kimi fəaliyyət göstərib.
ABŞ Ədliyyə Nazirliyi yanvarın sonunda Epstein işi ilə bağlı yeni sənədlər açıqladıqdan sonra fevral ayında Jagland barəsində korrupsiya ittihamı irəli sürülüb və hazırda araşdırma aparılır.

