ABŞ vitse-prezidenti Cey Di Vens 2028-ci ildə keçiriləcək prezident seçkilərində ABŞ Prezidenti Donald Trampın mümkün siyasi varisi kimi mövqeyini gücləndirir.
Bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Vens seçkilərə qatılacağı halda, hazırda Trampın ən real siyasi davamçısı kimi görünür.
“Vitse-prezident 2028-ci ildə namizədliyini irəli sürərsə, Prezident Trampın danılmaz siyasi varisi təsiri bağışlayır”, — materialda qeyd olunub.
ABŞ administrasiyasındakı adı açıqlanmayan müşavirlərdən biri bildirib ki, Vens “hörmət qazanır” və Tramp bunu görür.
Mənbə həmçinin ABŞ dövlət katibi Marko Rubionun prezidentlik yarışında iştirakını az ehtimal edib.
Portalın məlumatına görə, Tramp artıq əvvəlki kimi “Cey Di, yoxsa Marko?” sualını vermir. Mənbənin sözlərinə əsasən, prezident indi daha çox belə deyir:
“Cey Di əla çalışır.”
Axios yazır ki, Vens İranla ilkin sülh razılaşmasının əldə olunmasında rolu ilə Trampda müsbət təəssürat yarada bilib.
Nəşr həmçinin Vensin son dövrlərdə genişmiqyaslı media kampaniyası apardığını və onun yeni nəşr olunan kitabının bestsellerə çevrildiyini qeyd edib.

