ABŞ Prezidenti Donald Tramp İranla təmasların davam etdirilməsi barədə göstəriş verib.
Bu barədə CBS News adı açıqlanmayan amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, Tramp danışıqlar prosesinin davam etdirilməsi üçün komandasına tapşırıq verib. Bu prosesə vitse-prezident Cey Di Vens, Trampın kürəkəni Cared Kuşner, xüsusi elçi Stiv Uitkoff və dövlət katibi Marko Rubionun cəlb olunduğu bildirilir.
CBS News qeyd edir ki, tərəflər artıq şənbə günü Omanda təmasları bərpa edə bilərlər. Lakin danışıqlarda konkret kimlərin iştirak edəcəyi açıqlanmır.
Telekanalın mənbələrinin sözlərinə görə, iranlı danışıqlarçılar qapalı şəkildə Hörmüz boğazında gəmilərə endirilən son zərbələrin Tehran tərəfindən səhv addım olduğunu etiraf ediblər. Onların versiyasına görə, bu zərbələr ABŞ-a qarşı sərt xətt tərəfdarı olan qrupun göstərişi ilə həyata keçirilib.
CBS News-un həmsöhbətləri bildiriblər ki, Vaşinqton İranın gəmilərə qarşı yeni hücumları davam edərsə, İrana zərbələr endirməyə, həmçinin bu ölkəyə qarşı əlavə iqtisadi tədbirlər görməyə hazırdır.

