ABŞ Prezidenti Donald Tramp ənənəvi diplomatik yanaşmalardan kənara çıxaraq hərbi rəhbərləri birbaşa diplomatik danışıqlara cəlb edib. Bu barədə Associated Press (AP) agentliyi yazır.
Məlumata görə, Tramp ABŞ Quru Qoşunlarının naziri Daniel Driskollu Ukrayna üzrə danışıqlara, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperi isə Omanda İranla aparılan danışıqlara qoşub. Agentlik xatırladır ki, hər iki istiqamət Trampın kürəkəni Cared Kuşner və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoffun nəzarət zonasında olub.
AP-nin qiymətləndirməsinə görə, hərbi rəhbərlərin diplomatik prosesə cəlb edilməsi onların təcrübəsi, əlaqələri ilə yanaşı, danışıqlar tərəflərinə ABŞ-ın zərurət yaranarsa daha sərt üsullara hazır olduğu mesajını vermək məqsədi də daşıya bilər. Agentlik hesab edir ki, bu addım Tramp administrasiyasının klassik xarici siyasət və diplomatiya modelindən açıq şəkildə uzaqlaşdığını göstərir.
AP-nin məlumatına əsasən, Daniel Driskoll Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda Ukrayna nümayəndə heyəti ilə Tramp administrasiyasını təmsil edən Uitkoff və Kuşner arasında vasitəçi rolunu oynayıb. Bundan əlavə, ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının rəhbəri Aleksus Qrinkeviç də BƏƏ-nin paytaxtına göndərilib. Bildirilir ki, onun iştirakı ABŞ və Rusiya arasında yüksək səviyyəli hərbi dialoqun bərpası barədə razılaşmanın əldə olunmasına kömək edib.

