Vaşinqton və Tehran arasında qarşılıqlı anlaşma memorandumunu ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Cey Di Vens və İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf imzalayıblar. Bu barədə jurnalist Barak Ravid “X” sosial şəbəkəsində məlumat verib.
Ravidin sözlərinə görə, Tramp və Vens memorandum sənədini elektron formada imzalayıblar. İran tərəfdən isə sənədə parlament spikeri Məhəmməd Bağır Qalibaf imza atıb.
“Tramp və Vens İranla qarşılıqlı anlaşma memorandumunu elektron şəkildə imzalayıblar. İran tərəfdən sənədi Qalibaf imzalayıb”, — jurnalist bildirib.
Məlumata görə, Vens sənədin imzalanması ilə bağlı xəbəri təsdiqləyib, lakin konkret adlar çəkməyib.
Reuters də ABŞ rəsmilərinə istinadən memorandumun Tramp, Vens və İran parlamentinin spikeri tərəfindən imzalandığını yazıb. Bildirilir ki, sənəd ABŞ və İran arasında münasibətlərin gələcək çərçivəsini müəyyənləşdirən mərhələ kimi qiymətləndirilir.

