İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında xarici müdaxilə və gəmilərin “icazəsiz marşrutlarla” hərəkət etməyə cəhd göstərməsinin təhlükəsizlik problemlərinə səbəb olduğunu bildirib.
Açıqlamada qeyd olunub ki, bundan əvvəl xarici müdaxilələrə və gəmilərin marşrutlarının icazəsiz şəkildə dəyişdirilməsinə qarşı xəbərdarlıq edilib. Buna baxmayaraq, bir neçə saat əvvəl bəzi gəmilərin bu xəbərdarlıqlara məhəl qoymadığı və icazə verilməyən istiqamətlər üzrə hərəkət etməyə çalışdığı iddia olunub.
Bildirilir ki, xəbərdarlıqlara baxmayaraq marşrutunu dəyişməyən və dəniz təhlükəsizliyini təhdid etdiyi irəli sürülən gəmilərdən biri İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri tərəfindən xəbərdarlıq atəşləri ilə dayandırılıb.
“Bu hadisə və qanunsuz xarici müdaxilə nəticəsində yaranmış qeyri-sabit təhlükəsizlik vəziyyəti səbəbindən Hörmüz boğazı ikinci bildirişədək bağlanacaq”, — açıqlamada deyilir.
Bəyanatda həmçinin vurğulanıb ki, Hörmüz boğazı regionunda ABŞ-ın müdaxilələri başa çatana qədər heç bir gəmiyə keçid icazəsi verilməyəcək.
“Amerika-sionist düşmənin öz ərazilərinə daxil olmasına imkan verən ölkələr bu müdaxilənin nəticələrinə görə məsuliyyət daşıyacaqlar”, — məlumatda qeyd olunub.

