ABŞ Prezidenti Donald Trampın strateji əhəmiyyət daşıyan Hörmüz boğazına nəzarəti ələ keçirəcəkləri barədə açıqlaması Vaşinqton–Tehran xəttində gərginliyi daha da artırıb.
Tramp bölgədə təhlükəsizliyin təmin edilməsi müqabilində ödəniş tələb olunacağını bildirdikdən sonra İran Silahlı Qüvvələri sərt bəyanat yayıb.
İran tərəfi ABŞ-nin Hörmüz boğazının idarə edilməsinə müdaxiləsinə imkan verilməyəcəyini açıqlayıb. Bəyanatda ABŞ ilə əməkdaşlıq edən regional ölkələrin İrana müharibə elan etmiş sayılacağı bildirilib.
“ABŞ-nin Hörmüz boğazının idarəçiliyində iştirakına icazə verməyəcəyik. ABŞ ilə əməkdaşlıq edən region ölkələri İrana qarşı müharibəyə başlamış hesab olunacaq”, — deyə açıqlamada qeyd edilib.
İran Silahlı Qüvvələri mümkün qarşıdurmanın yalnız iki ölkə ilə məhdudlaşmayacağını, bütün regiona yayıla biləcəyini vurğulayıb. Bildirilib ki, bunun məsuliyyəti ABŞ və onun müttəfiqlərinin üzərinə düşəcək.
Gərginliyə səbəb olan açıqlamanı Tramp “Fox News”un “Fox & Friends” proqramında verib. O, “Hörmüz boğazını alırıq. Nəzarət bizdə olacaq. Təhlükəsizliyi təmin etdiyimiz üçün ödəniş alacağıq” deyib.
Bu arada bölgədə mümkün hücumlarla bağlı narahatlıq Hörmüz boğazında gəmi hərəkətinə də təsir göstərib. Son məlumatlara görə, boğazdan keçən neft və təbii qaz tankerlərinin sayı son 24 saatda kəskin azalıb və mayın 25-dən bəri ən aşağı səviyyəyə düşüb.

