İsrail rəhbərliyi ABŞ Prezidenti Donald Trumpın İrana qarşı hərbi zərbə qərarı vermiş ola biləcəyi ehtimalı fonunda son günlər orduda həyəcan səviyyəsini yüksəldib. Bu barədə Haaretz İsrailin yüksək rütbəli təhlükəsizlik mənbələrinə istinadən yazır.
Məlumata görə, Vaşinqtondan hücum qərarına dair açıq və rəsmi siqnallar olmasa da, Tel-Əvivdə belə bir zərbənin günlər içində baş verə biləcəyi ciddi şəkildə nəzərdən keçirilir. Təhlükəsizlik rəsmiləri bildiriblər ki, ABŞ-ın mümkün İran əməliyyatına hazırlıq məqsədilə İsrail ordusu tam döyüş hazırlığı vəziyyətinə gətirilib və müxtəlif ssenarilər üzərində məşqlər aparılır.
Bu çərçivədə İsrail ordusu raket hücumlarına qarşı müdafiə tədbirlərini gücləndirib, hava hücumundan müdafiə sistemləri yerləşdirilib, həyəcan rejimi isə daha da artırılıb. Qeyd olunur ki, bu hazırlıqlar Yəmən və Livandan gələ biləcək təhlükələri də əhatə edir.
Mənbələr Trampın qərarvermə prosesinin gözlənilməzliyinə diqqət çəkərək, ABŞ hücum qərarı versə belə, onu son anda geri çəkə biləcəyini istisna etməyiblər.
Eyni zamanda vurğulanır ki, ABŞ-ın mümkün zərbəsinə cavab olaraq İranın birbaşa İsraili hədəf alacağı dəqiq deyil. Təhlükəsizlik rəsmilərinin fikrincə, bu ssenari yalnız hücumun uzunmüddətli olması və ya İran hakimiyyətinin sabitliyinə ciddi təhdid yaranması halında mümkündür.
Bununla yanaşı, ehtimal edilir ki, ABŞ hücumundan sonra Yəməndə İranın dəstəklədiyi husilərin prosesə qoşulması daha realdır. Hücum uzandığı və İranın itkiləri artdığı təqdirdə, husilərin İsrailə və ya regiondakı dəniz ticarət yollarına qarşı raket hücumlarını yenidən başlatma ehtimalı yüksələ bilər.

