ABŞ Prezidenti Donald Trampı daşıyan “Marine One” helikopteri ilə sərnişin təyyarəsi Vaşinqton səmasında təhlükəli dərəcədə bir-birinə yaxınlaşıb.
Hadisə Trampın Ağ Evdən Endryus Hərbi Hava Bazasına getmək üçün havaya qalxdığı zaman baş verib.
The New York Times mənbələrə istinadən yazır ki, Ronald Reyqan Vaşinqton Milli Hava Limanının dispetçerləri prezident helikopterinin uçuşu zamanı kommersiya reyslərini dayandırmalı olduqları halda, sərnişin təyyarəsinə havaya qalxmağa icazə veriblər.
Nəticədə iki hava gəmisi arasında təhlükəsizlik qaydalarında nəzərdə tutulan minimum məsafə pozulub. Onların arasındakı üfüqi məsafənin təxminən 1,3 kilometr, şaquli məsafənin isə 700 fut olduğu bildirilir.
Toqquşma baş verməyib və hər iki hava gəmisi uçuşunu təhlükəsiz şəkildə davam etdirib.
Hadisə ilə bağlı Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası araşdırmaya başlayıb. Hava hərəkətinə nəzarət qeydləri və radio danışıqları yoxlanılır.
Ağ Ev isə Trampın heç bir mərhələdə təhlükə altında olmadığını açıqlayıb.
Hadisə 2025-ci ildə Vaşinqton yaxınlığında 67 nəfərin öldüyü təyyarə–helikopter qəzasından sonra tətbiq olunan yeni təhlükəsizlik qaydalarının pozulması ehtimalını yenidən gündəmə gətirib.

