Paris prokurorluğu La Santé həbsxanasında cəza çəkən üç məhbus barəsində Fransanın keçmiş prezidenti Nikola Sarkozinin ünvanına ölüm hədəsi ittihamı ilə istintaqa başlayıb. Denmedia.az xəbər verir ki, bu barədə Europe 1 məlumat yayıb.
Məlumata görə, araşdırma həmin məhbusların Sarkozinin qonşu kamerasından çəkdikləri və sosial şəbəkələrdə paylaşdıqları videolardan sonra başlanıb. Kadrlarda onlar keçmiş prezidentə təhqirlər yağdırır və fiziki zorakılıqla hədələyirlər.
Həbsxana rəhbərliyi videonun haradan çəkildiyini müəyyənləşdirib və ertəsi səhər həmin kamerada axtarış apararaq iki mobil telefon aşkarlayıb. Onların barəsində cinayət işi ilə yanaşı, intizam tədbirləri də başlanıb. Məhbusların Paris hüdudlarından kənardakı müəssisələrə köçürülməsi nəzərdən keçirilir.
BFMTV-nin məlumatına əsasən, Sarkozy hazırda 24 saatlıq polis mühafizəsi altındadır. Onu iki polis əməkdaşı növbə ilə, hər 12 saatdan bir dəyişərək müşayiət edir. Fransanın daxili işlər naziri Loran Nünyes bu tədbirləri keçmiş prezidentin statusu və ona ünvanlanan real təhlükə və hədələrlə izah edib.