Zərdab rayonunda yağan leysan xarakterli güclü yağış bir sıra ərazilərdə ciddi fəsadlar törədib.
Denmedia.az-ın yerli bürosu xəbər verir ki, rayonun küçə və yaşayış massivlərində yağış və qrunt sularının artması nəticəsində evlərə və həyətyanı sahələrə su dolub.
Ən çox ziyan dəyən ərazilərdən biri rayonun Azərbaycan küçəsi olub. Qarasu çayının sol sahilində yerləşən küçədəki çoxmənzilli yaşayış binalarının zirzəmiləri, həyətyanı sahələri və küçələr su altında qalıb. Suyun səviyyəsinin yüksəlməsi səbəbindən ərazidə avtomobillərin hərəkəti dayandırılıb, sakinlərin binalara giriş-çıxışında çətinlik yaranıb.
Leysan yağışlarının yaratdığı problemlər Qumlu yaşayış massivində və rayonun digər küçə və prospektlərində də müşahidə olunub. Fərdi yaşayış evlərinin həyətlərinə, zirzəmilərinə və yardımçı tikililərinə su dolub. Sakinlərin sözlərinə görə, yağan intensiv yağışlarla yanaşı, qrunt sularının qalxması da vəziyyəti daha da çətinləşdirib.
Hazırda ərazilərdə suyun çəkilməsi və fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Aidiyyəti qurumlar bildirirlər ki, su basmasına məruz qalan ərazilərdə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
Aqil Əsədov
Denmedia.az

