Son illərdə sürətlə məşhurlaşan 29 yaşlı iranlı müğənni Parastu Əhmədi barəsində çıxarılan hökm həm İran daxilində, həm də ölkə xaricində geniş rezonans doğurub.
Bu barədə “Azad İran” YouTube kanalının analitik süjetində məlumat verilib.
Bildirilib ki, İranın əsas dini mərkəzlərindən biri sayılan Qum əyalətinin Cinayət Məhkəməsi Parastu Əhmədi və onun 2024-cü ilin sonunda keçirilən “Karvansarada konsert” layihəsinin daha səkkiz iştirakçısını 74 qamçı zərbəsi və iki il ölkədən çıxış qadağası ilə cəzalandırıb.
Bundan başqa, məhkəmə onlara iki il müddətinə musiqi və incəsənət sahəsində peşəkar fəaliyyətlə məşğul olmağı da qadağan edib. Hökm İran Cinayət Məcəlləsinin 638-ci maddəsi və kibercinayətlərlə bağlı qanunun 743-cü maddəsi əsasında çıxarılıb.
İttihamda onların “virtual məkanda əxlaqa zidd məzmun yaratmaq və yaymaqla ictimai əxlaqı pozmaqda” günahlandırıldığı qeyd olunur.
Lakin süjetdə vurğulanır ki, təxminən yarım saatlıq konsertdə əxlaqsız məzmun yoxdur. İddialara görə, ittihamın əsas səbəbi müğənninin səhnəyə hicabsız çıxmasıdır. Hökm sənədində onun xarici görünüşü “normalara uyğun olmayan” və “yarıçılpaq” kimi təqdim edilib.
Məlumatda bildirilir ki, hakimiyyətin qəzəbinə yalnız müğənninin geyimi deyil, həm də mahnıların məzmunu və konsertdəki azadlıq ruhu səbəb olub.
Konsertin İranda 3 milyondan çox izlənməsi isə ayrıca diqqət çəkib. Halbuki ölkədə YouTube rəsmi şəkildə bloklanıb. Bu fakt qadağaların əks təsir yaratdığını və qadağan edilən məzmuna marağı daha da artırdığını göstərir.

