Böyük Britaniyanın Uorvikşir qraflığında yerləşən tarixi Baddesley Clinton malikanəsində oğurluq hadisəsi baş verib.
The Telegraph hüquq-mühafizə orqanlarına istinadən yazır ki, Britaniyanın Milli Fonduna məxsus malikanədən gümüş, qalay və misdən hazırlanmış təxminən 25 nadir antik əşya oğurlanıb.
Oğurlanan əşyalar arasında xüsusilə Ferrer ailəsinin gerbi həkk olunmuş gümüş boşqab diqqət çəkir. Altıbucaqlı formada olan əşyanın üzərində XVIII əsrin azsaylı qadın zərgərlərindən biri Doroti Millsin möhürü var.
Fond nümayəndələrinin məlumatına görə, həmin əşyanın 1750-ci illərdə dəyəri təxminən 12 funt sterlinq olub. Bu məbləğ həmin dövrdə ev qulluqçusunun iki illik əməkhaqqına bərabər sayılırdı. Hazırda isə əşyanın dəyəri 2,3 min funt sterlinq, yəni təxminən 3,1 min dollar qiymətləndirilir.
Oğurlananlar arasında həmçinin qədim gümüş qədəh və bir cüt şamdan da var. Polis faktla bağlı araşdırma aparır.
XV əsrə aid Baddesley Clinton malikanəsi memarlıq abidəsi statusuna malikdir və Birmingemdən təxminən 25 kilometr cənub-şərqdə yerləşir.

