Gürcüstanda Çalaadi buzlağına səfər edən 20 yaşlı rusiyalı turist yoxa çıxdıqdan sonra ölü tapılıb.
Life nəşri “Shot” Telegram kanalına istinadən xəbər verir ki, gənc qız “Mazda” markalı avtomobillə səyahətə çıxıb. O, Mestiyada hotellərdən birində qalıb və daha sonra Çalaadi buzlağına, oradan isə Batumiyə getməyi planlaşdırıb.
Turist avqustun 30-da hoteldən çıxıb və sonuncu dəfə həmin vaxt görülüb. Təxminən saat 13:00-da ailəsi ilə danışdıqdan sonra onunla əlaqə kəsilib.
Qızın anası sosial şəbəkələrdə onun itkin düşdüyünü bildirib. Avqustun 31-də ərazidə axtarışlara başlanılıb.
Xilasedicilər və könüllülər ərazini yoxlayarkən turistin avtomobilini Çalaadi yaxınlığındakı dayanacaqda aşkar ediblər.
Bir müddət sonra qızın özü də tapılıb, lakin onun artıq həyat əlamətləri olmadığı müəyyən edilib.
Çalaadi buzlağında nə baş verdiyi hələlik məlum deyil. Aidiyyəti qurumlar hadisənin şəraitini araşdırırlar.

