Yaponiyanın Kyoto şəhərində ailəsi ilə birlikdə səfərdə olarkən itkin düşən 20 yaşlı amerikalı tələbə James “Weston” Higginbotham ölü tapılıb. Fox News yazır ki, bu barədə onun ailəsi məlumat yayıb.
Auburn Universitetinin tələbəsi olan Higginbotham mayın 29-da ailəsi ilə birlikdə Yaponiyada olarkən yoxa çıxmışdı. Məlumata görə, o, anası ilə səfər planlamasında ChatGPT-dən istifadə mövzusunda yaşanan mübahisədən sonra ailəsindən ayrılaraq şəhəri təkbaşına gəzməyə çıxıb. Məlumata görə, anası Nancy Higginbotham bu mövzunun oğlu ilə aralarında həssas məsələ olduğunu bildirib.
Ailə gəncin yerini canlı məkan paylaşımı vasitəsilə izləyib. Onun əvvəlcə qatarla hərəkət etdiyi, daha sonra müxtəlif yerlərə getdiyi görülüb. Lakin bir müddət sonra məkan paylaşımı bağlanıb. Anası bunun oğlunun adətən etdiyi davranış olmadığını deyib.
Higginbotham sonuncu dəfə Kyotonun Yamashina bölgəsində meşəlik əraziyə aparan gəzinti cığırına doğru gedərkən müşahidə kameralarına düşüb. Bundan sonra Yaponiya polisi, xüsusi təlim keçmiş axtarış itləri, helikopterlər və könüllü qrupların iştirakı ilə genişmiqyaslı axtarış əməliyyatı aparılıb. Axtarışlara əlverişsiz hava şəraiti və fırtına da mane olub.
Günlərlə davam edən axtarışlardan sonra gəncin cansız bədəni Kyoto yaxınlığındakı dağlıq ərazidə könüllü axtarış-xilasetmə qrupu tərəfindən tapılıb. Ailəsi sosial şəbəkədə yaydığı açıqlamada yaşadıqları ağrını sözlə ifadə etməyin mümkün olmadığını bildirib və göstərilən dəstəyə görə təşəkkür edib.
Hazırda Higginbothamın ölüm səbəbi açıqlanmayıb. Ailə isə bu ağır dövrdə şəxsi həyatlarına hörmətlə yanaşılmasını istəyib.

