Fransanın cənubunda yerləşən üzüm bağında yanmış halda tapılan qadın meyitinin 29 yaşlı sosial media fenomeni Sonia Bellinaya aid olduğu müəyyənləşib.
Le Parisien yazır ki, sosial şəbəkələrdə 260 mindən çox izləyicisi olan Bellina 30-cu yaş gününə bir ay qalmış ailəsini görmək üçün Gard bölgəsinə gedib.
Gənc qadın yoxa çıxdığı gecə ailəsinə “Birini görməyə gedirəm, tez qayıdacağam” deyib və gecə saat 01:00 radələrində evdən çıxıb. Onun çantasını və digər əşyalarını özü ilə götürmədiyi bildirilir.
Təxminən saat 02:00-da telefonu sönüb və ailəsi onunla əlaqə yarada bilməyib. Bundan sonra axtarışlara başlanılıb.
İki gün sonra, avqustun 12-də Nimes yaxınlığındakı Sen-Jildə kənd təsərrüfatı işçisi üzüm bağında qismən yanmış və çılpaq qadın meyiti aşkar edib.
Meyitin vəziyyəti şəxsiyyəti dərhal müəyyənləşdirməyə imkan verməyib. Bir həftə davam edən ekspertiza və DNA analizindən sonra ölən şəxsin Sonia Bellina olduğu təsdiqlənib.

Ailənin vəkili Murad Battikh hadisəni “nadir görüləcək vəhşilik” adlandırıb.
Nimes prokuroru Sesil Jensak bildirib ki, iki kişi hadisə ilə birbaşa və ya dolayı əlaqələrinə işarə edən sübutlara görə saxlanılıb.
Fransa mediasının məlumatına görə, şübhəlilərdən birinin daha əvvəl zorakılıq cinayətləri ilə bağlı hüquq-mühafizə orqanlarının diqqətində olduğu və Bellinanın yoxa çıxdığı gecə onunla son əlaqə saxlayan şəxs ola biləcəyi ehtimal edilir.

