Avstraliyanın Sidney şəhərinin cənub-qərbində yerləşən Nattai Milli Parkında aparılan genişmiqyaslı axtarış əməliyyatı 18 yaşlı turist qızın meyitinin tapılması ilə başa çatıb.
Metro nəşrinin məlumatına görə, qız Sidneydən təxminən 145 kilometr məsafədə yerləşən çətin keçilən marşrut üzrə yürüş zamanı ailəsi ilə əlaqəni itirib.
Onun axtarışına onlarla könüllü, polis əməkdaşları və təxminən 100 hərbçi cəlb olunub. Axtarışlar səkkiz gün davam edib.
Hadisənin ən diqqətçəkən məqamlarından biri isə əvvəlcə turistin sağ tapıldığı barədə məlumatın yayılması olub. Yeni Cənubi Uels ştatının baş naziri Kris Minnsin açıqlamasına əsasən, qızın kolluq ərazidə, yanında bir qədər içməli su ilə sağ tapıldığı bildirilmişdi.
Lakin daha sonra səlahiyyətlilər bu məlumatın səhv olduğunu etiraf edərək qızın öldüyünü təsdiqləyiblər.
Axtarış əməliyyatı ərazinin mürəkkəb relyefi, evkalipt meşələri, dərin yarğanlar və qayalıqlar səbəbindən çətinləşib. Mobil rabitənin olmaması xilasedicilər üçün də əlavə risk yaradıb, bəzi qrupların özlərinin də azmaq təhlükəsi ilə üzləşdiyi bildirilib.
Polis hadisənin bütün hallarını araşdırır. Hazırda əsas versiya kimi bədbəxt hadisə ehtimalı nəzərdən keçirilir.

