7 martda Dubayda yeni partlayış səsləri eşidilib. İlkin məlumatlara görə, İran pilotsuz uçuş aparatının qalıqları Dubay Beynəlxalq Hava Limanı ərazisinə düşüb.
Telegram kanallarının yaydığı məlumata əsasən, hava hədəfinin qalıqları 2-ci terminal yaxınlığında küçəyə düşüb. Hazırda uçuşlar tam ləğv edilməsə də, enişlər müvəqqəti dayandırılıb və sərnişinlər hava limanında əlavə göstərişləri gözləyirlər. Xəsarət alanlar barədə məlumat yoxdur.
Məlumata görə, Dubay sakinlərinə raket təhlükəsi ilə bağlı xəbərdarlıqlar göndərilir. Flightradar xidmətinin məlumatına əsasən, Dubay Beynəlxalq Hava Limanı müvəqqəti bağlanıb və bir neçə təyyarə eniş üçün saatlarla BƏƏ səmasında dövrə vurur.
Eyni zamanda Emirates aviaşirkəti İran hücumundan sonra Dubaya bəzi reysləri müvəqqəti dayandırıb.
BƏƏ rəsmiləri isə bildiriblər ki, 7 mart gecəsi ölkədə hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan hədəfin qalıqları nəticəsində kiçik insident baş verib və vəziyyət nəzarət altına alınıb.
Bəzi regional KİV-lər isə İrana məxsus pilotsuz aparatın Dubayda yerləşən ABŞ hərbi bazasını hədəf aldığını iddia edir.

